Haqqımızda

DRP nədir?

“DRP”, “DarkRoom Production” adının qısaltmasıdır. 2000-ci illərin sonlarına doğru Murad və Aydın tərəfindən qurulmuş DRP, kino sənəti üzrə özünü sərbəst şəkildə ifadəni dəstəkləməkdədir.

Biz kimik?

Biz, peşəkar kinematoqrafiya təhsili olmayan, lakin film izləməyi və çəkməyi sevən insanlar qrupuyuq. Hər bizimiz müxtəlif peşə sahibiyik (maliyyədən tutmuş mühəndisliyə qədər) və kino bizim üçün boş vaxtlarımızı ayırdığımız məşğuliyyətdir. Amma biz bu məşğuliyyəti çox sevir və çox yüksək qiymətləndiririk. Bizim üçün “kino” hər şeydən əvvəl əyləncə vasitəsidir.

“DRP” necə ortaya çıxıb?

Prodakşn şirkəti qurmaq ideyasının arxasında “bunu biz niyə edə bilmərik?” fəlsəfəsi durur. Biz, “edə bilərdim, ola bilərdi” deməyə nifrət edirik və həyatımızı özümüz istiqamətləndiririk. Çoxdankı arzumuz olan kino çəkmək işinə də bu cür yanaşaraq “DRP”-ni təsis etmişik.

“DRP”-nin məqsədi nədir?

“DRP”, ortaya yeni ideyalar çıxarmaq, böyük Hollivud studiyalarının klişelərinə sığmayan yeni, əyləncəli, düşünülmüş və düşündürücü sənət əsərləri istehsal etmək üçün vasitədir.

“DRP” – “arthouse” layihəsidir?

Bizim layihələrimizin və işlərimizin bir çoxu “müstəqil” (“indie”) və ya “arthouse” kateqoriyasına aid edilə bilsə də, biz “DRP”-yə “arthouse” layihəsi deməyin əleyhinəyik. Bizim fikrimizcə, Hollivud formulaları bir çox cəhətdən klişeləşmiş olsa da, işə yaradıqları üçün hazırlanıblar. Bizim ən çox sevdiyimiz filmlərin arasında klassik “arthouse” əsərləri olduğu kimi, 100% Hollivud filmləri də vardır. Bizim fikrimizcə, stilindən və növündən asılı olmayaraq, filmlərin məqsədi izləyiciləri əyləndirməkdir. Biz “özümüzdən Amerika açmaq” fikrində deyilik, sadəcə olaraq düşünürük ki, hər Hollivudda bir qədər “arthouse” və hər “arthouse”-da bir qədər Hollivud ola bilər.

“DRP”-nin gələcəyi necə olacaq?

Məsafə problemi bizim bir yerə toplaşıb kino çəkməyimizi çətinləşdirir. Bundan başqa, hərəmizin öz peşəsi olduğu üçün biz vaxtımızı 100% kino çəkməyə həsr edə bilmirik. Hal-hazırda biz bir neçə layihə üzərində işləyirik və ssenariləri bütün xırdalıqlarına qədər hazırlayırıq ki, fürsət düşən kimi onları filmə çevirək. “DRP” indiyə qədər böyüyərək həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir və bugün biz özümüzü onsuz təsəvvür edə bilmirik. Bundan başqa, hər birimizin fərdi layihələrimiz də vardır ki, onları “DRP” adı altında gerçəkləşdirmək üçün çalışmaqdayıq.

“DRP”-ə necə qoşula bilərəm?

Əgər siz kinonu sevirsinizsə, “DRP”-ə qoşulmaq üçün ən böyük imtahanı keçmisiniz. Biz, layihələrimizdə hər hansı bir şəkildə iştirak etməyə həvəsli olan insanlarla işləməyə hazırıq. Sizin özünüzün fikrinizdə nə isə bir layihə varsa və onu həyata keçirmək üçün yoldaş axtarırsınızsa, biz sizinlə işləməyə dünəndən hazırıq! Əgər “DRP”-in bir hissəsi ola biləcəyinizi düşünürsünüzsə, mütləq bizimlə əlaqə saxlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>